SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.05.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 164
“Erasmus+”layihəsi çərçivəsində növbəti təlim

 “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində növbəti təlim Azərbaycan Universitetində keçirilib. Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) təlimdə ali təhsil müəssisəsinin müəllimləri Günay Paşazadə və Hikmət Quliyev təmsil edib. 

      Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoruriyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov və Elm şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyevanın apardığı  ikigünlük təlimin məqsədi elmmetrik bazalar, onların iş prinsipləri, tədqiqatçılar üçün gərəkli imkanları, onlardan istifadə mexanizmləri, məqalələrin hazırlanması standartları və jurnalların seçimi, tədqiqatçı göstəricilərinin yaxşılaşdırılması metodları haqqında iştirakçılara geniş nəzəri biliklərin ötürülməsi və praktiki vərdişlərin yaradılması olub.

       “Elmi məqalələrin strukturu, jurnal seçimi və təqdimatı” adlı təlimdə iştirakçılara beynəlxalq indekslənmə bazalarında indekslənən jurnallarda elmi məqalələrin strukturuna qoyulan tələblər, jurnal seçimi və məqalələrin təqdimatı ilə bağlı zəruri məlumatlar verilib.“Web of Science” və “Scopus”  elmmetrik bazalarının resurslarından istifadəyə həsr olunan digər təlimdə isə bazaların iş prinsipləri, axtarış sistemləri, müəllif profillərinin yaradılması istiqamətlərindən bəhs olunub.

   Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaş olduğu layihənin koordinatoru Bakı Biznes Universitetidir. Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə başlıca məqsəd milli inkişaf strategiyalarına uyğun rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.