SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU-nun rektoru: Təhsil siyasətimizin əsas istiqamətlərindən biri məzunlarla işin təşkilidir
29.07.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 193
ATMU-nun rektoru: Təhsil siyasətimizin əsas istiqamətlərindən biri məzunlarla işin təşkilidir

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən abituriyent və məzunların məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verən – “Məzunların məşğulluq reytinqi” platforması çərçivəsində agentlik nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edək ki, platformada ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərinin məzunlarının məşğulluq reytinqi xəritəsi təqdim edilir.

Universitetin rektoru bildirib ki, ATMU-nun həyata keçirdiyi təhsil siyasətinin əsas istiqamətlərindən biri məzunlarla işin təşkilidir. Bu istiqamət təhsildə yüksək keyfiyyətin təmin olunması, mövcud boşluqların müəyyən edilməsi, güclü tərəflərin daha da inkişaf etdirilməsi üçün təhlillərin və statistik araşdırmaların aparılması, o cümlədən tələbələrin universiteti bitirdikdən sonrakı peşəkar fəaliyyətinə dəstək üçün mühüm əhəmiyyət kəsb edir.

Rektor qeyd edib ki, fəaliyyətində təhsil, tədris, təlim və təcrübə modelinə xüsusi önəm verən ATMU ölkəmizin ali təhsil müəssisələri arasında sənaye ilə birbaşa əməkdaşlığı prioritet elan edib. Belə ki, bu ali təhsil ocağı tələbələrin ölkə daxilində və xaricdə uzunmüddətli istehsalat təcrübəsini təşkil edir.

2023/2024-cü tədris ilində ilk dəfə olaraq məzunlarla geniş tərkibdə görüşün təşkilinin əlaqələrin genişlənməsinə səbəb olduğunu deyən rektor daha sonra vurğulayıb ki, ATMU-nun məzunları universitetin adını hər zaman yüksəklərə qaldırıb, istər vətəndə, istərsə də ölkə xaricində turizmin bütün sahələrinə öz töhfələrini verib və nüfuz qazanıblar.

Qeyd edək ki, hazırda ATMU portaldan qeydiyyatdan keçən 30 ali təhsil müəssisəsi arasında məzunların məşğulluq reytinqinə görə 6-cı yerdə qərarlaşıb.