Mövsümün sonuncu kütləvi təmizlik aksiyası keçirilib
23.09.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 382
Mövsümün sonuncu kütləvi təmizlik aksiyası keçirilib

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində "Xəzəri qoruyaq" devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib.

Bu dəfə "Xəzər həftəsi" ərəfəsində təşkil olunan maarifləndirici aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.

Aksiyada Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri də iştirak ediblər. Onlar aksiya iştirakçıları ilə birlikdə hər bir vətəndaşı ətrafa tullantı atmamağa, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmağa çalışıblar. Həmçinin Xəzər sahilini təmiz saxlamağa təşviq edərək belə maarifləndirici tədbirlərə daha geniş kütlənin cəlb olunmasını təbliğ ediblər.

Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında davam edən Ümumrespublika Təmizlik Marafonuna may ayından start verilib, təmizlik aksiyaları hər həftənin 4 və 6-cı günləri ölkənin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edib.