ATMU-nun bir qrup müəllim və tələbə heyəti Vətən müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin evini ziyarət edib
27.09.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 353
ATMU-nun bir qrup müəllim və tələbə heyəti Vətən müharibəsi şəhidi Məhəmmədəli Həsənzadənin evini ziyarət edib

Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup müəllim və tələbə heyəti Vətən müharibəsi şəhidi Məhəmmədəli Hörmət oğlu Həsənzadənin Sumqayıt şəhərində yerləşən evini ziyarət ediblər.

Onlar şəhidin valideynləri və qardaşı ilə görüşüblər.

Şəhid evini ziyarət etməyin, Anım Günü şəhidin ailə üzvləri ilə bir yerdə olmağın mənəvi borc və unudulmaz gün olduğu qeyd edilib. Məhəmmədəli Həsənzadə kimi şəhidlərin milli sərvət olduğu və onların şəhid olduqdan sonra da, qoyub getdikləri ömürlə bir örnək təşkil etdikləri bildirilib.

Şəhidin xatirəsinin xalqımız tərəfindən yüksək tutulduğu diqqətə çatdırılıb, ən böyük qiymətin şəhidlik mərtəbəsi ilə verildiyi vurğulanıb. Dövlətin, xalqın da öz şəhidini bağrına basdığının, xatirəsininin uca tutduğunun qürurverici məqam olduğu qeyd olunub.

Məhəmmədəli Həsənzadənin doğmaları övladları haqqında qürurla danışıb, xatirələrini bölüşüblər. Onlar şəhidin elə uşaq vaxtından vətən sevgisi ilə böyüdüyünü xüsusi vurğulayıblar.

Daha sonra şəhidin doğmaları ilə birlikdə onun Sumqayıt Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunub.

Qeyd edək ki, Məhəmmədəli Həsənzadə 1999-cu il may ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir.

ATMU-nun “Biznesin İdarəçiliyi” fakultəsində Menecment ixtisası üzrə təhsil alıb.

O, Ağdam, Hadrut, Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 2020-ci il noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Məhəmmədlinin atası Hörmət Həsənzadə də I Qarabağ və Aprel döyüşlərinin iştirakçısı olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsənzadə Məhəmmədəli ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!