Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq əməkdaşlıq əlaqələrini daha da gücləndirmək və akademik mübadilə imkanlarını genişləndirmək məqsədilə növbəti əhəmiyyətli addım atıb. 23-27 sentyabr 2024-cü il tarixlərində Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində keçirilən mobillik həftəsi zamanı ATMU Türkiyənin Eskişehir Osmanqazi Universitetinin (ESOGÜ) nüfuzlu akademik heyətini qəbul edib. Bu tədbir iki universitet arasında əməkdaşlıq və təhsil sahəsində mövcud əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mobillik həftəsi çərçivəsində keçirilən görüşlərin davamı olaraq ATMU-nun Biznes İdarəçiliyi fakültəsi əməkdaşları və Menecment kafedrasının müdiri Camal Hacıyev ilə Doktor Öğretim Üyesi Seher Gülşah Sekmen və Doktor Öğretim Üyesi Taner Sekmen arasında hər iki universitetdə qarşılıqlı akademik əlaqələrin gücləndirilməsi və elmi əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi müzakirə mövzusu olub.
Həmçinin Doktor Öğretim Üyesi Tamer Kaşıkçı və Doçent Dr. Mustafa Yetim ilə Sosial Menecment fakültəsinin dekanı Kənan Allahverdiyev, dekan müavini Sabir Quluzadə və Beynəlxalq Münasibətlər kafedrasının müdiri Cənnətxan Eyvazov və əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Akademik heyət mübadiləsi məsələləri xüsusi vurğulanaraq, bunun iki universitet arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib. Onlar həmçinin ATMU tələbələri üçün dərslər keçərək, Türkiyə və Azərbaycan arasındakı təhsil modelləri və idarəetmə strategiyaları, eyni zamanda beynəlxalq münasibətləri əhatə edən mövzular barədə mühazirələr oxuyublar.
Hər iki universitetin nümayəndələri arasında keçirilən müzakirələr zamanı akademik heyət mübadiləsi, təhsil proqramlarının qarşılıqlı tanınması və müştərək tədqiqat layihələrinin həyata keçirilməsi mövzularına xüsusi diqqət yetirilib. Görüşün sonunda həm ATMU, həm də ESOGÜ-nün nümayəndələri iki universitet arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsi və bu istiqamətdə birgə layihələrin uğurla həyata keçirilməsi üçün səy göstərəcəklərini ifadə ediblər. Tərəflər bu əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin akademik və elmi inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Sonda proqram iştirakçıları sertifikat ilə təltif olunublar.
Azərbaycanca