Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində yeni qəbul: AATP 2024 Bakalavr qrupu
02.10.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 509
Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində yeni qəbul: AATP 2024 Bakalavr qrupu

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti (IMC Krems TEU) arasında 17 illik uğurlu əməkdaşlıq çərçivəsində, Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) yüksək səviyyədə davam edir. 2024/25-ci tədris ili üzrə proqrama qəbul üçün keçirilən müsahibələr nəticəsində Turizm və Qonaqpərvərlik fakültəsindən 20 nəfər tələbə AATP 2024 qrupuna daxil olaraq, ikili diplom proqramı vasitəsilə təhsillərini davam etdirəcəklər.

AATP proqramı ölkəmizdə ilk ikili diplom proqramı olmaqla, turizm sahəsində ixtisaslı kadrların hazırlanmasına yönəlib və tələbələrə həm nəzəri, həm də praktik biliklər təqdim edir. Proqram, iştirakçılara həm Azərbaycan, həm də Avstriya təhsil standartlarına uyğun tədris imkanları verir, bu da onların gələcəkdə beynəlxalq miqyasda rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına dəstək olur. Tədris prosesində həm yerli, həm də əcnəbi müəllimlər iştirak edir və bu, tələbələrin beynəlxalq standartlara uyğun təhsil almasına və geniş perspektivlərə sahib olmasına imkan yaradır.

Bu əməkdaşlıq, hər iki ölkə arasında mədəni və təhsil əlaqələrinin inkişafına töhfə verməyə davam edir və gələcəkdə də daha böyük uğurlarla irəliləməsi gözlənilir.

Artıq 17 ildir davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan-Avstriya Turizm Proqramından 279 nəfər bakalavriat və 13 nəfər magistratura səviyyəsi üzrə olmaqla ümumilikdə 292 nəfər tələbə məzun olaraq iki diplom - ATMU və IMC Krems TEU-nun diplomlarını əldə ediblər.

✨Hazırda proqram çərçivəsində 3 fərqli bakalavr qrupları üzrə ümumilikdə 41 nəfər tələbə təhsilini davam etdirir.