SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU ilə Balıkesir Universiteti arasında anlaşma memorandumu imzalanıb
11.10.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 115
ATMU ilə Balıkesir Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Balıkesir Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu memorandum iki universitet arasında elmi, tədris və mədəni sahələrdə sıx əməkdaşlığın qurulmasına, birgə layihələrin və tədqiqatların aparılmasına, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaq.

İmzalanma mərasimində ATMU-nun rektoru İlham Mədətov və Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu çıxış edərək bildiriblər ki, bu əməkdaşlıq mədəniyyətlər arasında körpü rolunu oynayacaq: “Bu memorandum yalnız akademik əməkdaşlıq üçün deyil, eyni zamanda iki xalq arasında dostluğu gücləndirmək üçün də əhəmiyyətlidir. Biz birgə layihələr və tədqiqatlar vasitəsilə akademik mühitimizi daha da zənginləşdirəcəyik.”

Görüşün iştirakçıları arasında ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova və Balıkesir Universitetinin prorektorları Murat Doğdubay, Fatih Satıl, Beynəlxalq Əlaqələr üzrə prorektoru Cevdet Avcıkurt, Turizm Fakültəsi dekanı Ahmet Köroğlu, Beynəlxalq Əlaqələr Araşdırma və Uygulama Mərkəz müdiri Seda Şahin və mərkəz əməkdaşları Ece Kanbur, Hediye Günay da yer alıblar. İştirakçılar memorandumun gələcəkdə hər iki universitetin akademik mühitini zənginləşdirəcəyinə inandıqlarını ifadə ediblər.

Balıkesir Universiteti ilə imzalanmış bu memorandum iki universitetin daha geniş miqyasda birgə fəaliyyətini təmin edərək, gələcəkdə daha məhsuldar layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.