SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
29.11.2020
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 94
“İdarəetmədə multikultural dəyərlər” mövzusunda konfrans

25 noyabr 2020-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Tədbiri çıxış nitqi ilə açan Universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayaraq tədbirin təşkilini yüksək qiymətləndirmiş, konfransda ölkəmizin və xarici dövlətlərin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin  iştirak etdiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, bu gün multikulturalizm tolerantlığın əsas aspektlərindən biridir. Müasir dövrdə multilulturalizm probleminin araşdırılması böyük elmi və praktiki əhəmiyyət daşıyır. XXI əsr qlobalizasiya və inteqrasiya əsri adlandırılır. Dünyada unifikasiya prosesilə üzləşən bir sıra çoxmillətli və çoxkonfessional dövlətlər mövcuddur. Bütün vətəndaşlara bərabərhüquqlu yaşayışı təmin etmək çox mürəkkəb prosesdir. Sivil dövlətlərin qloballaşması və modernləşməsi, kommunikasiya əlaqələrinin və kütləvi informasiya vasitələrinin genişlənməsi, urbanizasiya, cəmiyyətin sosial baxımdan dəyişməsi müasir problemlərə yeni yanaşmaların yaradılmasını tələb edir. Qloballaşan dünya şəraitində insan həmişə bir çox mədəniyyətlərin astanasında dayanır. Mədəni plüralizm və mədəni dialoq müasir cəmiyyətin aktual problemlərindən biridir. Multilulturalizm hakim mədəniyyəti olmayan qlobal dünyanın bütün çağırışlarına ən ideal cavabdır. Tolerant cəmiyyətin əsas xüsusiyyəti müxtəlif mədəniyyətlərin paralel şəkildə mövcudluğudur. Belə cəmiyyətlərdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə kömək edir, bu isə mədəniyyətlərin bir-birinə nüfüz etmə prosesiylə əlaqəlidir.

Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru, professsor İranə Əliyeva “ Turizm və müasir dünya” mövzusunda məruzəylə çıxış etdi. O, bildirdi ki, turizm müasir dünya iqtisadiyyatının ən böyük xidmət sahələrindən birdir. Turizm sahəsi beynəlxalq aləmdə neft sektorundan sonra ən gəlirli sahə hesab olunur.  Beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan digər sahələrdə olduğu kimi turizm sektorunu da dünya miqyasında aparıcı mövqelərdə dayanmağı hədəf qoymuşdur.

Həmçinin Plenar iclasda ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirli “Ali təhsilin idarə edilməsi” adlı məruzəsində ali təhsilin idarə edilməsiylə bağlı bir sıra təklif və tövsiyələr irəli sürmüşdür, həmin təklif və tövsiyələr Azrbaycan Turizm və Menecment Universiteti tərəfindən Azərbaycan Respublikasının Təhsil Qanununun müvafiq bəndlərinə uyğun olaraq tövsiyə kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. N.Nəsirli tərəfindən ali təhsil sistemində təhsilin keyfiyyətinin artırılması istiqamətində bir sıra təkliflər verilmişdir.

Daha sonra Bolqarıstan Respublikasının Paisii Xilendarski adına Plovdiv Universitetinin dosenti Valentin Pavlov Petrusenko “Bolqarıstanda mədəniyyətlərarası və dinlərarası əhəmiyyətə malik turizm məkanları”, Rusiyanın Tomsk Dövlət Universitetinin professoru Anna Lojnikova “Müasir iqtisadiyyatda intellektual yoxsa insan kapitalı?”, Rusiyanın   Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina “Rusiyada turizm - koronavirus pandemiyası zamanı problemlər və dəstək tədbirləri” mövzularda çıxış etdilər. Plenar iclasdan sonra konfrans 4 bölmə üzrə öz işini davam etdirdi.

Konfrans Yekun Plenar İclasla başa çatmışdır.