ATMU-da yazıçı Elxan Elatlı ilə görüş keçirilib
22.10.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 357
ATMU-da yazıçı Elxan Elatlı ilə görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Karyera və kommunikasiya şöbəsinin müdir müavini Məhəbbət Hacıyeva tanınmış ədibi salamlayaraq dəvəti qəbul edib ATMU tələbələri ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. O qeyd edib ki, yazıçı ilə görüş tələbələrin Elxan Elatlı yaradıcılığına olan marağından yaranan bir ideya olub.

Öz növbəsində tələbələri xoş ovqatla salamlayan Elxan Elatlı da gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirib və onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayıb. Yazıçının ali təhsilinin texniki sahəyə aid olmasını bildirməsi tələbələrin böyük marağına səbəb olub. Qonaq bədii ədəbiyyat, vətənpərvərlik, milli birlik kimi yüksək mənəvi-əxlaqi dəyərlərlə bağlı öz fikirlərini bölüşüb. Daha çox detektiv janrında əsərlərin müəllifi kimi tanınan yazıçı bir sıra əsərləri haqqında məlumat verib, onların məzmunundan və müraciət etdiyi mövzulardan söz açıb.

Tələbələrin suallarını səsləndirərkən bəzən ədəbi incəliklərlə bəzədilmiş obrazdan, bəzənsə detektiv romanların əsasında dayanan riyazi məntiqdən məharətlə istifadə edən ədib bütün hallarda əsərlərində olduğu kimi yüksək vətənpərvərlik ruhunu aşılayıb. O, gənclərə romanlarında mütəmadi olaraq toxunduğu Qarabağ həqiqətləri, vətənin qəhrəman övladları, şanlı tariximiz haqqında danışıb.

Görüşün sonunda Elxan Elatlı tələbələrin özləri ilə gətirdikləri kitablara ürək sözlərini yazıb və tanınmış yazıçı ilə xatirə şəkli çəkilib.