“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib
04.10.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 238
“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib

Oktyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı da məruzə ilə çıxış edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.

Naxçıvan Dövlət Universitetində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Türk Dövlətləri Təşkilatı Baş katibinin nümayəndəsi Muradcan Mustafayev çıxış ediblər.

Tədbir “Türk Dövlətləri Təşkilatı coğrafiyasında geosiyasi dəyişikliklər və Türk Dövlətləri Təşkilatı”, “Təhlükəsizlik sahəsində əməkdaşlıq”, “İqtisadi və ticarət əlaqələri” və “Enerji və nəqliyyat sahəsində əməkdaşlıq” mövzularında panel iclasları ilə davam edib.

Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kuzey Kıbrıs Türk Cumhuriyyəti, Macarıstan və Türkiyədən nüfuzlu alim və ekspertlər məruzə edib.