ATMU əməkdaşı elmmetriya üzrə mütəxəssis hazırlığı proqramını uğurla başa çatdırıb
28.10.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 437
ATMU əməkdaşı elmmetriya üzrə mütəxəssis hazırlığı proqramını uğurla başa çatdırıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən ilk dəfə elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı həyata keçirilib. Dörd ay davam edən bu proqram ölkədə elmi məlumat bazalarından ekspert səviyyəsində istifadə edə biləcək ixtisaslı kadrların yetişdirilməsini hədəfləyib. Bu mütəxəssislər “Scopus” və “Web of Science” kimi aparıcı elmi bazaların tətbiqində qabaqcıl biliklərə yiyələnərək Azərbaycanda elmi inkişafın sürətləndirilməsi və tədqiqatların beynəlxalq səviyyədə təqdim olunmasında mühüm rol oynayacaq.

Hazırlıq proqramına 150 müraciətçi arasından seçilən 70 nəfər iştirakçı qatılsa da, yalnız 28 nəfər proqramı uğurla bitirib, "Elsevier" və "Clarivate" şirkətlərinin birgə sertifikatına layiq görülüb. Bu iştirakçılar arasında Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova da yer alıb. İ.Axundova proqram boyunca "Scopus" və "Web of Science" bazalarında dərin biliklər qazanaraq peşəkar səviyyədə istifadə bacarıqlarını inkişaf etdirib. Onun bu uğuru universitetin və Azərbaycanın elmi potensialını daha da gücləndirərək, beynəlxalq səviyyədə elmi nəticələrin tanınmasına əhəmiyyətli töhfə verəcəkdir.

Bu proqramı uğurla tamamlayan mütəxəssislər elmi göstəricilərin daha dəqiq təhlilində tədqiqatçılara ədəbiyyat araşdırmalarında dəstək göstərməkdə, həmçinin yüksək keyfiyyətli jurnallarda elmi işlərin dərc olunmasına yardım etməkdə bilik və bacarıqlarını tətbiq edəcəklər.