Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Synergia Academy”nin İdarə heyətinin üzvləri ilə görüş keçirilib. Görüş zamanı ATMU-nun rektoru İlham Mədətov “Synergia Academy”nin nümayəndələrini rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. Söhbət əsnasında universitetin yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və digər məsələlər haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, ATMU hər zaman istər tələbə, istərsə də professor-müəllim heyəti üçün faydalı əməkdaşlıqlara üstünlük verib və yeniliklərə hazır olub.
Daha sonra “Synergia Academy”nin Baş icraçı direktoru Rəna Əfəndiyeva təmsil etdiyi qurum haqqında məlumatları diqqətə çatdırıb. O bildirib ki, “Synergia Academy” innovativ və sənayeyə uyğun təlim proqramları təqdim edən təhsil platformasıdır və nəzəri biliklərlə praktik tətbiqləri birləşdirən interaktiv tədris mühiti ilə tanınır, tələbələrə hərtərəfli təhsil təcrübəsi qazandırır. R.Əfəndiyeva birgə akademik təlim və peşəkar karyera arasında körpü rolu oynayan layihələri haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, bu layihənin məqsədi tələbələri seçdikləri ixtisasda peşəkar bilik və bacarıqlara yiyələndirmək, təhsildən işə rahat keçidi təmin etməkdir. Xüsusilə gənc nəslin nümayəndələrinin Qonaqpərvərlik sahəsinə olan maraqlarını artırmaq və təlimlərə cəlb etmək, onlara layihə boyunca müvafiq texniki bacarıqların əsasını öyrədərək, bu sahə üzrə işlə təmin etməkdir. Müraciətlər əsasında həyata keçirilən test mərhələsi və müsahibələrdən sonra, istedadlı gənclər 6 aylıq hərtərəfli təlim və təcrübə proqramı üçün seçilirlər.
Çıxışçılar arasında ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı və Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı da yer alıb. Onlar tanışlıq və məlumatlandırma mərhələsindən sonra müvafiq layihələrin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Sonda tərəflər razılığa gəlib ki, universitetin tələbələri və professor-müəllim heyətinin “Synergia Academy”nin müxtəlif sahələri əhatə edən təlimlərindən yararlanmaq, tələbələr üçün istehsalat təcrübəsində geniş imkanlar yaratmaq və yeni açılacaq ixtisaslar ilə bağlı təkliflərin dəyərləndirilməsi baxımından birgə əməkdaşlıq etsinlər.