Daşkənd şəhərində "Qloballaşma Kontekstində Tibbi Turizm: Problemlər, Perspektivlər və İnnovasiyalar" mövzusunda “Tibb İşçiləri Günü"nə həsr olunmuş II beynəlxalq elmi-praktik konfrans keçirilib. Özbəkistan Turizm Komitəsinin, Turizm İnkişafı İnstitutunun, Sinqapur İdarəetmə İnkişafı İnstitutunun və “Science and Innovation” beynəlxalq elmi jurnalının dəstəyi ilə təşkil olunan konfransda tibbi turizmin qloballaşma dövründə inkişafı və perspektivləri müzakirə olunub.
Konfransın açılışında Turizm Komitəsi sədrinin müavini S. Niyazov, Turizm İnkişafı Elmi-Tədqiqat İnstitutunun direktoru E. Qolışeva, Alfraganus Universitetinin rektoru M. Makhmudov və EMU Universitetinin rektoru, tibb elmləri doktoru, professor A. Qaibullayev çıxış ediblər. Onların təqdimatları tədbirə qlobal tibbi turizm sahəsində müasir yanaşmalar və imkanlarla bağlı zəngin təhlillər gətirib.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm Biznesi kafedrasının müdiri Hafiz Hüseynovun konfransda "Azərbaycanda müalicəvi sağlamlıq turizminin müasir vəziyyəti" mövzusunda çıxışı Azərbaycan, Türkiyə, İsrail və İspaniyadan gəlmiş 20-dən artıq alim, Özbəkistandan isə tədbirdə iştirak edən 150-dən çox tanınmış professor, alim, magistrant və tədqiqatçı tərəfindən maraqla qarşılanıb.
Konfransda tibbi turizm infrastrukturunun inkişafında beynəlxalq təcrübə mübadiləsi, xidmətlərin standartlaşdırılması və xəstə təhlükəsizliyinin təmin edilməsi, tibbi turizmin rəqabət qabiliyyətinin artırılması və davamlı inkişafı üzrə təkliflər müzakirə olunub. Bundan əlavə, sahənin gələcək inkişafı üçün tövsiyələrin hazırlanması və aparılan tədqiqatların innovativ yeniliklər əsasında müzakirəsi də gündəmdə olub.
Azərbaycanca