ATMU tələbələri COP29-da könüllü kimi iştirak edirlər
15.11.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 548
ATMU tələbələri COP29-da könüllü kimi iştirak edirlər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyada olduqca əhəmiyyətli bir tədbir hesab olunur. Təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların salınması, biomüxtəliflik, "yaşıl enerji" və sair prioritet sahələr COP29-un əsas mövzularıdır. Bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi bütün avantajları ilə yanaşı gənclər üçün də geniş imkanlar yaradır. Odur ki, COP29 konfransının ölkəmizdə keçirilməsi gənc fəallar üçün qlobal iqlim siyasətinə töhfə vermək üçün mühüm platformadır.

Bu gün iqlim dəyişikliyi ilə mübarizədə təkcə hökumətlər və böyük şirkətlər deyil, həm də gənclər fəallıq nümayiş etdirirlər. Bu gənclər sırasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 500 nəfərə yaxın tələbəsi də var. Onlar başqalarına kömək etmək və cəmiyyətə fayda vermək, öz bacarıqlarını yeni ortamda göstərmək, yeni dostlar taparaq əlaqələr qurmaq və özünə dəyər hissini inkişaf etdirmək üçün bu addımı atıraq könüllü kimi beynəlxalq tədbirdə iştirak edirlər.

Əminliklə deyə bilərik ki, gənclərin belə qlobal tədbirdə fəal iştirak etməsinin böyük önəmi var. Onlar iqlim dəyişikliyi ilə mübarizədə müasir texnologiya və innovasiyaları təqdim etmək potensialına malikdirlər. Beləliklə də, səslərinin eşidilməsi və qlobal iqlim siyasətlərinə inteqrasiya etmək üçün mükəmməl fürsət qazanmış olurlar.

Gənclər, sizinlə fəxr edirik!