“Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” elan olunub
20.11.2024
Karyera və Kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 593
“Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” elan olunub

20 noyabr 2024-cü il tarixdə COP29 çərçivəsində “Turizm Günü”ndə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” işini başa çatdırıb. 
Görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də qoşulması üçün elan olunub.
Tədbirin bağlanışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi  səyi nəticəsində tarixdə ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyində yer almasına diqqət çəkib. O, turizm sektorunun iqlim dəyişikliklərindəki rolunun vurğulandığı COP29-un növbəti COP tədbirləri üçün davamlı bir irs yaratmasına və bəyannaməyə tərəf çıxan ölkələrin sayının artacağına inamını ifadə edib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə baş tutan tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksək səviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Eyni zamanda, Turizm Günü çərçivəsində “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması - öhdəliklərdən icraya (ölçü və dekarbonizasiya)”, “Turizm Sektorunun İqlim Ambisiyasının Artırılması – öhdəliklərdən icraya (regenerasiya/adaptasiya və  maliyyələşmə)”, “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti: İnnovativ Həllər və İrəliyə doğru” mövzularında üç yüksək səviyyəli dəyirmi masa təşkil edilib və müxtəlif tematik təqdimatlar keçirilib. 
Azərbaycan Turizm və Menecment Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti də sözügedən görüş və təqdimatlarda iştirak edib.
#COP29 #DTA #ATMU