Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva Qazaxıstanın Aktau şəhərində yerləşən Yessenov Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Aigul Dosumbekova ilə işgüzar görüş keçirib. Görüş zamanı iki universitet arasında akademik və mədəni əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.
Əsas müzakirə mövzularından biri beynəlxalq mübadilə proqramları çərçivəsində tələbə və müəllimlərin mübadiləsi, birgə tədris proqramlarının hazırlanması və tərəfdaşlıq çərçivəsində müxtəlif elmi araşdırmaların həyata keçirilməsi olub. Həmçinin, tərəflər gələcəkdə ortaq layihələrdə iştirak etmək üçün strateji istiqamətləri haqqında məlumat veriblər.
ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin nümayəndələri Yessenov Universitetinin müasir infrastrukturu, təhsil proqramları və beynəlxalq əlaqələrdəki fəallığını yüksək qiymətləndirərək, əməkdaşlığın hər iki universitet üçün böyük faydalar gətirəcəyini vurğulayıblar.
Görüşün nəticəsi olaraq, yaxın gələcəkdə iki universitet arasında memorandumun imzalanması və konkret fəaliyyət planlarının hazırlanması nəzərdə tutulur.
Bu əməkdaşlıq ATMU-nun beynəlxalq əlaqələrini genişləndirmək və tələbə-müəllim heyəti üçün yeni imkanlar yaratmaq istiqamətində atılan növbəti əhəmiyyətli addımlardan biridir.
Azərbaycanca