03.12.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 336
ATMU ilə Qazaxıstanın Beynəlxalq Biznes Universiteti arasında əməkdaşlıq görüşü müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva Qazaxıstanın Almatı şəhərində yerləşən Kenjeqali Sagadiyev adına Beynəlxalq Biznes Universitetinin nümayəndələri ilə görüş keçiriblər. Görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri, birgə layihələr və elmi proqramlarla bağlı geniş müzakirələr aparılıb.

ATMU nümayəndələri universitetin beynəlxalq tərəfdaşlıq sahəsində prioritetləri və gələcək layihələri barədə məlumat veriblər. Qazaxıstanın Biznes Universiteti tərəfindən görüşdə Beynəlxalq Elmi Proqramlar Mərkəzinin direktoru Fariza İsmayılova və Keyfiyyətə Təminat Mərkəzinin rəhbəri Kenzhekan Kabdeshov iştirak ediblər.

Görüşdə tələbələrin beynəlxalq təcrübə proqramlarına cəlb olunması, birgə elmi konfransların təşkili və digər potensial əməkdaşlıq sahələri müzakirə olunub. Həmçinin, qlobal akademik şəbəkələrdə fəal iştirak və ortaq layihələrin inkişaf etdirilməsi məsələlərinə də diqqət yetirilib.

Görüş hər iki universitet arasında davamlı və səmərəli tərəfdaşlıq üçün önəmli töhvə verəcək.