ATMU ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq görüşü keçirilib
04.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 532
ATMU ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə “Absheron Hotel Group” şirkəti arasında əməkdaşlıq görüşü keçirilib. Görüşdə birgə əməkdaşlıq imkanları, gənclərin məşğulluğu, onların peşə bacarıqlarının inkişafı, təcrübə proqramlarının təşkili barədə müzakirələr aparılıb.

ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. Rektor bildirilib ki, ATMU-da real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. İ.Mədətov turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb.

“Absheron Hotel Group”un layihə meneceri Əfsanə Babayeva məzunu olduğu universitetdə əməkdaşlıq görüşündən məmnunluğunu bildirib. Daha sonra çıxış üçün söz “Absheron Hotel Group”un icraçı direktoru Matt Balcikə verilib. İcraçı direktor Matt Balcik ATMU ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu ifadə edən M.Balcik hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac olduğunu ifadə edib.

M.Balcik qeyd edib ki, əməkdaşlıq çərçivəsində turizm və otelçilik ixtisası üzrə tədrisin müasir bazar şərtlərinə uyğunlaşdırılması, tələbələrin real iş mühiti ilə tanış olması, turistlərlə münasibətlərin qurulmasında praktiki bilik və bacarıqların qazanılmasına dəstək göstəriləcək.

Əməkdaşlığın digər istiqaməti isə tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübəsinin təşkilinə dəstək göstərməkdir. Bu məqsədlə ATMU-nun tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqlar. Həmçinin, il boyu turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrlə görüşlər, master-klasslar təşkil ediləcək.

ATMU-nun Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı çıxışı zamanı bildirib ki, bu əməkdaşlıq vasitəsilə ölkəmizin daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandırmaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssislərin hazırlanmasını həyata keçirmək mümkündür.