ATMU-nun nəzdində fəaliyyət göstərən CreArt klubu son günlərin məşhur olan ekran əsəri – “Vətəndaş A”nın yaradıcı heyəti ilə görüş təşkil edib.
Görüşdə qonaqlar serialın rejissoru Elvin Rüstəmzadə, ssenarist Asiman Ağa Rövşən və aktyorlar xalq artisti Qurban İsmayılov (Hacı Əhməd), Günəş Mehdizadə (Almaz), Rasəf Mehdiyev (Kitabxanaçı), Emil Həmidov (Dadaş), Zəhra Əlisoy (Fərqanə), Nigar Mürsəl (Gülizar), Toğrul İsabəyli (İsmayıl) tələbələrlə maraqlı zaman keçiriblər.
Qeyd edək ki, serial dramaturq Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilsə də, ssenari həm süjeti, həm obrazları, həm dialoqları etibarilə pyesdən fərqlidir. Dram janrında olan film rejissor Elvin Rüstəmzadə tərəfindən 2024-cü ildə ekranlaşdırılıb.
Çəkilişlər əsasən Daşkəsənin Bayan kəndində baş tutub.
Serialdakı əsas qəhrəman Almazdır. O, Bakıdan Abdalbəyli adlı ucqar dağ kəndində məktəbdə işləməyə təyinat alır. Kəndə gələn Almaz dərs dediyi məktəbdə və kəndin özündə baş verən qanunsuzluqlarla, özbaşınalıqlarla, həmçinin qadın hüquqları uğrunda mübarizə aparır.
Ekran işinin məzmunu qadına qarşı münasibət, xüsusilə də təhsilin cəmiyyətdəki əhəmiyyətindən ibarətdir. Serialda sosial ismarışlar da kifayət qədərdir.
Görüş zamanı tələbələr tərəfindən qonaqlara ünvanlanan suallar və qəhrəmanların cavabları maraqlı diskusiya yaratdı.
Serialda müasir cəmiyyətdə baş verən problemlərə yanaşma tələbələr tərəfindən fərqli rakurslardan izah edildi. Ekran işində təhsil və onun rolu, gender bərabərsizliyinin yaratdığı vəziyyət və çıxış yolları, qadınların hər bir halda cəmiyyətdə söz hüququna malik olması fikirlərinin təsvir edilməsi auditoriya tərəfindən alqışlara səbəb oldu.
Görüş zamanı məlum oldu ki, ATMU-nun iki xanım tələbəsi də məhz filmin çəkildiyi Bayan kəndindəndirlər. Onlar filmdə yer alan bəzi hadisələrin qismən kəndləri ilə uzlaşdığını da diqqətə çatdırdılar. Bununla yanaşı gəncləri oxumağa, təhsil almağa səslədilər.
Görüş sonda tələbələrin qonaqlarla xatirə şəkilləri çəkdirilməsi ilə yekunlaşdı.
Azərbaycanca