Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 10 dekabr Beynəlxalq İnsan hüquqları günü ilə əlaqədar olaraq tələbələr üçün insan hüquqları, onun qorunması mövzusunda məlumat xarakterli infossesiya təşkil edilib. ATMU-nun Turizm biznesi kafedrasının müdiri f.ü.f.d.,dos Hafiz Hüseynov çıxışı zamanı qeyd edib ki, 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib. Həmçinin 1995-2023-cü illər ərzində əvvəlcə ulu öndər Heydər Əliyevin, sonra isə prezident İlham Əliyevin imzalamış olduqları ümumilikdə 69 əfv fərmanı və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması məsələləri xüsusilə tələbələrin diqqətinə çatdırılıb.
Turizm biznesi kafedrasının müəllimi Cavid Məmmədov çıxış edərək İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı və Azərbaycan Respublikasının Konstitusiyası haqqında tələbələrə məlumat verib. İnsan hüquqlarının qorunması istiqamətində ümumilli lider Heydər Əliyevin fikirlərindən nümunələr gətirib. ATMU-nun müəllimi ulu öndərin “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” fikrini nümunə göstərərərk insan hüquqlarının qorunmasında dövlətin dəstəyini qeyd edib və bunun dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycanca