ATMU-da xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
17.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 372
ATMU-da xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib

Azərbaycanın görkəmli teatr və kino aktyoru, sevimli xalq artistimiz, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Nurəddin Mehdixanlı Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qonağı olub. Dəyərli sənətkarımızla görüş ATMU-nun CreART Mədəniyyət Klubu tərəfindən təşkil edilib.

Coşqun daxili temperamentə və gözəgəlimli səhnə görkəminə malik Nurəddin Mehdixanlı tələbələrə səhnə fəaliyyətindən, yaratdığı obrazlar, sənət yolunda qarşılaşdığı çətinliklər haqqında danışıb. O, gəncləri öz peşələrini sevməyə və qarşılarına çıxacaq maneələrə baxmayaraq, məqsədlərinə doğru əzmlə, qətiyyətlə irəliləməyə çağırıb. Xalq artisti milli adət-ənənələrimizdən, tariximizdən, ailə bağlarından geniş bəhs edərək gənc turizmçiləri öz milli mənsubiyyətinə hər zaman sadiq, vətənpərvər vətəndaşlar kimi görmək arzusunu dilə gətirib.

“Aktyor olmaq istəyən tarixçi olmalıdır, filoloq, dilçi, filosof olmalıdır” deyən sənətkar gənclərə dünyanın istənilən məkanında öz biliyi, mədəniyyəti, tarixi ilə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib.

Daha sonra Nurəddin bəy auditoriyadakı iştirakçıların suallarını cavablandırıb. Aktyorun müəllifi olduğu şeirləri səsləndirməsi ilə tədbir sona çatıb, xatirə şəkilləri çəkilib.