ATMU tələbələri 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar
18.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 329
ATMU tələbələri 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Karyera Kompası” layihəsi çərçivəsində tələbələrin müxtəlif dövlət və özəl müəssisələrə səfərləri təşkil edilir.

17.12.2024-cü il tarixində ATMU THİK üzvlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı uşaq evi sosial xidmət müəssisəsinə etdiyi səfər tələbələr üçün əhəmiyyətli bir təcrübə olub. Belə səfərlər tələbələrə uşaq hüquqları, sosial xidmətlər və müvafiq olaraq, uşaq müəssisələrində həyata keçirilən tədbirlər barədə geniş məlumat əldə etmək imkanı yaradır.

1 saylı uşaq evi sosial xidmət müəssisəsinin direktoru Nərminə Zöhrabova tələbələrə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun olaraq uşaqların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə göstərilən xidmətlər barədə məlumat verib. O bildirib ki, müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.

Sosial xidmət sahəsindəki təcrübələrini artıran tələbələr uşaqlara verilən sosial xidmətlər, onların təhsil və inkişaf şəraiti ilə tanış olublar.

Tələbələr eyni zamanda sosial işin əhəmiyyəti və belə müəssisələrdə çalışan mütəxəssislərin rolu haqqında da ətraflı məlumat alıblar. Bu kimi təcrübə səfərləri tələbələrin həm nəzəri, həm də praktiki sahədə biliklərini artırır və gələcək peşə fəaliyyətləri üçün faydalı təcrübə formalaşdırır.

#atmu #atmuthik #thik #əəsmn