ATMU-da PICASP layihəsinin yekun konfransı keçirilib
24.12.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 303
ATMU-da PICASP layihəsinin yekun konfransı keçirilib

ATMU-da PICASP layihəsinin yekun konfransı keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Avropa Komissiyasının maliyyələşdirdiyi və Xəzər regionunun inkişafını dəstəkləyən PICASP (Xəzər regionunda universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları) layihəsinin yekun konfransını uğurla təşkil edib.

Tədbir beynəlxalq və yerli tərəfdaşların geniş iştirakı ilə keçib. Konfransda Degli Studi Gabriele D’Annunzio Di Chieti-Pescara Universiteti (İtaliya), Gediminas adına Vilnüs Texniki Universiteti (Litva), Beynəlxalq Biznes Universiteti (Qazaxıstan), Ser.In.Ar. Forlì-Cesena ScpA təşkilatı (İtaliya), Ş. Yesenov adına Xəzər Dövlət Texnoloji və Mühəndislik Universiteti (Qazaxıstan) və Varşava Universiteti (Polşa) nümayəndələri iştirak ediblər. Yerli tərəfdaşlardan Xəzər Universiteti və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi də tədbirdə təmsil olunub.

Konfransın açılışı zamanı ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq, PICASP layihəsinin region üçün önəmini vurğulayıb. O, universitetin beynəlxalq layihələrdə fəal iştirakının əhəmiyyətini qeyd edib və gələcəkdə yeni təşəbbüslərə hazır olduqlarını bildirib.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa universitetin beynəlxalq əlaqələri və cari beynəlxalq layihələri barədə təqdimat edib. Layihənin yekun hesabatını təqdim edən şöbə mütəxəssisi Aytac Babayeva isə iştirakçıları layihə nəticələri ilə ətraflı tanış edib. Layihənin koordinator universiteti olan İtaliya Respublikasının Degli Studi Gabriele D’Annunzio Di Chieti-Pescara Universitetini təmsil edən layihə üzrə koordinator Oliva Menozzi yekun çıxış edərək, layihənin başa çatması ilə əlaqədar maliyyə və yekun hesabat tələblərini ətraflı izah edib.

ATMU-nun struktur rəhbərləri, kafedra rəhbərləri və professor-müəllim heyəti də layihənin gedişi və əldə olunan nəticələr barədə öz fikirlərini bölüşüblər. Tədbirin sonunda tələbələr layihə çərçivəsində hazırladıqları təqdimatlarla çıxış edərək, Azərbaycanın müxtəlif destinasiyalarında turizm sahəsində yeni biznes planlarının yaradılması ilə bağlı öz innovativ ideyalarını təqdim ediblər.

PICASP layihəsi Xəzər regionunda universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və bu əməkdaşlığın xüsusilə turizm sahəsində tətbiqi baxımından mühüm töhfə verib. Layihə nəticəsində təcrübə mübadiləsi və inkişaf üçün yeni platformalar yaradılıb, bu da regionun davamlı inkişafına xidmət edir.