20 dekabr 2024-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran biznesi” kafedrasının təşkilatçılığı ilə “Excelsior Hotel Baku”da “Mehmanxana və restoran biznesinin aktual məsələləri (qonaqpərvərlik sənayesində müasir kadr hazırlığının perspektivləri və gözləntilər)” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd qonaqpərvərlik sənayesi üçün kadr hazırlığı zamanı sənaye nümayəndələri, ali məktəb və işə götürənlərin maraqlarının öyrənilməsi, yeni “Hotelçilik” ixtisasına tələbatın, bu ixtisasda tədrisi mühüm fənlərin müəyyənləşdirilməsindən ibarət olub.
Elmi-seminarda ATMU-nun Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı, “Elm və innovasiya” şöbəsinin rəhbəri Nəsirullah Nəsirli, “Tədris metodiki” şöbənin rəhbəri Bəhruz İsgəndərov, “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Vüqar Nəzərov, “Turizm biznesi” kafedrasının müdiri Hafiz Hüseynov, Karyera və Kommunikasiya şöbəsinin müdir müavini Məhəbbət Hacıyeva, “Keyfiyyət təminatı” şöbəsinin əməkdaşı Alikper Rizayev, Azərbaycan Turizm Agentliyi Assosiasiyasının (ATAA) sədr müşaviri Müzəffər Ağakərimov, ATAA idarə heyətinin sədr müavini Əhməd Qurbanov, “Excelsior Hotel Baku”, “Badamdar Hotel and Residences Baku”, “New Baku” Hotelinin direktor və nümayəndələri, Peşə Təhsili Agentliyinin nümayəndəsi Nizami Əsədov, Azərbaycan Kooperasiya Universitetinin “Marketinq və Turizm xidməti” kafedrasının müdiri Gülnisə Mustafayeva, Qərbi Kaspi Universitetinin dosent və müəllimləri iştirak edərək, “Hotelçilik” ixtisasının bərpa olunmasının vacibliyini bildiriblər. İştirakçılar müəssisələr üçün ixtisaslı kadrlara olan tələbatlarını səsləndirib, tələbələrin xüsusi bacarıqlara malik olmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin, 2025-ci ildə qəbul edilməsi planlaşdırlan tədris proqramlarına daxil ediləcək fənlər, onların əhəmiyyəti müzakirə mövzusu olub. Ümumilikdə, elmi-praktik seminarda 36-dan çox sənaye və ali təhsil müəssisələrinin nümayəndəsi iştirak edib.
Seminarın yekunu olaraq tələbələrin dil biliklərinin əhəmiyyəti vurğulanıb, eləcə də bazarın tələblərinə uyğun olaraq mehmanxana müəssisələri üçün kadr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə digər ölkələrdə olduğu kimi “Hotelçilik” üzrə ixtisasın bərpa edilməsi və tədris proqramının hazırlanması ilə bağlı təkliflər irəli sürülüb.
Həmçinin, müəssisə nümayəndələrinin tədris prosesinə cəlb edilməsi, belə tədbirlərin mütəmadi olaraq keçirilməsi təklif edilib.
Azərbaycanca