Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Avropa Komissiyasının maliyyələşdirdiyi və Xəzər regionunda universitet-sənaye əməkdaşlığını təşviq edən PICASP (Xəzər regionunda universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları) layihəsinin yekun konfransı çərçivəsində Bakı şəhərinə səfər edən layihə partnyorlarının nümayəndələri üçün tur təşkil edib.
Layihənin məqsədi Xəzər regionunun sosial-iqtisadi inkişafına töhfə vermək və təhsil müəssisələri ilə sənaye arasında əlaqələri gücləndirməkdir. Bu məqsədlə layihə çərçivəsində həyata keçirilən turda iştirakçılar paytaxtın zəngin tarixi və müasir siması ilə tanış olublar.
Qonaqlar ilk olaraq İçərişəhər, Şirvanşahlar Sarayı və Miniatür Kitab Muzeyini ziyarət edərək Azərbaycanın qədim tarixi və mədəniyyəti ilə tanış olublar. Daha sonra Dənizkənarı Bulvar istiqamətində davam edən tur ərzində Bakı bulvarının gözəllikləri ziyarətçilərdə heyranlıq yaradıb. Bakı Funikulyoru: Şəhidlər Xiyabanı və Dağüstü parkına üz tutan qonaqlar şəhərin panoramik mənzərəsindən zövq alıblar.
Bu tur həm layihə partnyorlarının Bakı haqqında daha geniş təsəvvür əldə etməsinə, həm də Azərbaycan mədəniyyətinin və turizm potensialının təqdim olunmasına şərait yaradıb. ATMU rəhbərliyi bu cür təşəbbüslərin ölkənin turizm və təhsil sahəsində beynəlxalq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycanca