Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Avropa Komissiyasının maliyyələşdirdiyi PICASP (Xəzər regionunda universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları) layihəsinin yekun konfransı çərçivəsində sonuncu gün layihə partnyorları və nümayəndələri üçün xüsusi olaraq Palçıq Vulkanları Turizm Kompleksinə və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna turlar təşkil edib.
Səfərin ilk dayanacağı Dövlət Turizm Agentliyinin dəstəyi ilə təşkil olunan Palçıq Vulkanları Turizm Kompleksi olub. Burada iştirakçılar kompleksdə aparılan geniş miqyaslı infrastruktur işləri və palçıq vulkanlarının həm geoloji, həm də turizm baxımından önəmi barədə ətraflı məlumat əldə ediblər. Qonaqlara təqdim olunan turda vulkanların unikal mənzərələri ilə yanaşı, “Təbiət tarixi” sərgisində maraqlı faktlarla da tanışlıq imkanı yaradılıb.
Turun ikinci hissəsində iştirakçılar Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna baş çəkiblər. Burada nümayəndələr üçün xüsusi təşkil olunmuş ekskursiya çərçivəsində onlar muzeyin zəngin kolleksiyasına baxış keçiriblər. Qonaqlar Qobustanın dünyaca məşhur qayaüstü təsvirləri, qədim insanların həyat tərzini əks etdirən izləri və regionun tarixi önəmi barədə məlumatlarla tanış olublar. Qobustan təkcə ölkəmizin deyil, ümumilikdə bəşəriyyətin qədim tarixinin izlərini özündə yaşadan bir məkan kimi qonaqlara dərin təsir bağışlayıb.
Beləliklə, iştirakçılar həm Azərbaycan təbiətinin və tarixinin gözəlliklərini yaxından görmüş olublar, həm də gələcək əməkdaşlıqlar üçün zəmin yaradan əvəzolunmaz təcrübələr qazanıblar.
Azərbaycanca