20 Yanvar – Azərbaycan xalqının mübarizlik salnaməsi
20.01.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 618
20 Yanvar – Azərbaycan xalqının mübarizlik salnaməsi

Azərbaycan Turizm və Menecment Universitetində “20 Yanvar – Azərbaycan xalqının mübarizlik salnaməsi” adlı tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 Yanvar faciəsini “Çağdaş tariximizin qanlı faciə və şanlı mübarizə səhifəsi” adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. İ.Mədətov 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb. Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu, 20 Yanvar faciəsinin erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanan gülləyə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.
Tədbirdə universitetin İctimai fənlər kafedrasının professoru, “Heydər Əliyev lektoriyası”nınrəhbəri Məhərrəm Zülfüqarlı məruzəsində bildirdi ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyi, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məsələnin tarixindən və həmin tarixlərdə şahidi olduğu hadisələrdən bəhs edən Məhərrəm müəllim, sonda şəhidlərə Allahdan rəhmət dilədi.
Tədbirdə 20 yanvar faciəsinin şəhidi Yusif Sadıqovun bacısı, alim,  filologiya elmləri doktoru Sayalı Sadıqova çıxış edərək, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırdı. Qardaşının vətən sevgisindən, elmi biliklərindən bəhs edən professor qeyd etdi ki, bu tarix xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 
Həmçinin tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı, ATMU-nun I kurs tələbəsi Vüsalə Əliyeva çıxış edərək bildirdi ki, 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vüsalə xanım şəhid polkovnik-leytenant Anar Əliyevin həyat bə hərb yolundan böyük qürur hissi ilə danışdı. O qeyd etdi ki, bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu şaddır. İndi düşməndən azad edilən bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.
Faciənin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik!
Son olaraq tədbirdə 20 yanvar faciəsindən bəhs edən video-çarx nümayiş olundu. 
ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib, matəm gününə dair xüsusi guşə ayrılıb.
Həmçinin şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarlarına gül dəstələri qoyulub.

#atmu #20yanvar #atmuthik #ATMUTGT