Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Eskişehir Osmanqazi Universitetində təhsilini davam etdirərək iki diplom almaq istəyən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bakalavr səviyyəsi üzrə əyani təhsil alan Turizm işinin təşkili ixtisasının 1-ci kurs tələbələri ilə görüş keçirilib. Məqsəd iki ali təhsil müəssisəsi arasında davam edən Turizm işi üzrə ikili diplom proqramı çərçivəsində ATMU tələbələrinin Türkiyədə təhsil almasıdır.
Görüşdə sözügedən təhsil proqramının tələbələrə qazandıracağı üstünlüklərdən söhbət açılıb, qəbul qaydaları haqqında ətraflı məlumat verilib, qlobal karyera perspektivləri müzakirə edilib. Bildirilib ki, Eskişehir Osmanqazi Universiteti fəaliyyət göstərdiyi tarixdən etibarən təhsildə mükəmməllik məqsədi ilə milli və beynəlxalq səviyyədə seçilməyi, effektiv və rəqabətədavamlı təhsili təmin etməyi özünə borc bilib. Tələbələrlə görüş zamanı o da vurğulanıb ki, Eskişehir Osmangazi Universiteti uzunillik elmi bilikləri ilə Türkiyənin köklü və güclü universitetləri sırasındadır. Milli və beynəlxalq miqyasda tanınan, seçilən və hörmət edilən bir ali təhsil müəssisəsi olan Eskişehir Osmangazi Universitetində təhsil almaqla iki diplom əldə etmək ATMU tələbələrinin gələcək karyera inkişafına beynəlxalq təcrübə qazandıracaq, həmçinin onların əldə etdikləri elmi və praktik biliklər ölkəmizin turizm sənayesinin inkişafına böyük töhfə verəcək.
Azərbaycanca