Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Synergia Academy”nin “Təlimdən Karyeraya” layihəsi ilə bağlı məlumatlandırıcı sessiya keçirilib. Bu layihə turizm sahəsi üzrə təhsil alan tələbələrə gələcəkdə öz ixtisaslarına uyğun TABİA şirkətlər qrupuna məxsus hotellərdə işlə təmin olunma fürsəti verir. Gənclərin karyera inkişafına dəstək proqramının açılışında ATMU-nun Turizm və qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov tələbələrin karyera inkişafı və təhsil-sənaye əlaqələrinin gücləndirilməsinin əhəmiyyətindən danışıb. Həmçinin əmək bazarına uyğun kadr hazırlığının vacibliyini vurğulayıb.
Daha sonra “Synergia Academy” və TABİA şirkətlər qrupunun nümayəndələri layihə haqqında, onun üstünlükləri, mərhələləri barədə tələbələri məlumatlandırıblar. "Qonaqpərvərlik Dünyası” (“World of Hospitality”) təlimi haqqında təqdimat nümayiş olunub. Qeyd olunub ki, bu proqramda 18-30 yaş aralığında, peşə, orta ixtisas və ya ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarının iştirakı nəzərdə tutulub. Bu layihə gənc mütəxəssislərin öz doğma bölgələrində iş tapması və eyni zamanda turizm sektorunun inkişafına töhfə verməsi baxımından əhəmiyyətlidir. Təqdimat zamanı həmçinin tələbələrə layihə çərçivəsində təqdim ediləcək təhsil, təlim və iş imkanları haqqında geniş məlumat verilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və onlara layihənin detalları barədə əlavə məlumatlar verilib.
Azərbaycanca