ATMU ilə Fərqanə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
12.03.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 380
ATMU ilə Fərqanə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Özbəkistan Respublikasının Fərqanə Dövlət Universiteti arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsinə dair rəsmi müqavilə imzalanıb.

Görüşdə ATMU-nu universitetin rektoru cənab İlham Mədətov, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa təmsil ediblər. Fərqanə Dövlət Universiteti tərəfindən isə beynəlxalq əməkdaşlıq və maliyyə-iqtisadi məsələlər üzrə prorektor Sharof Shukhratov və Strateji inkişaf və beynəlxalq reytinqlər şöbəsinin baş mütəxəssisi Jovhar Museyibzada iştirak ediblər.

Bu əməkdaşlıq çərçivəsində iki universitet arasında tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, birgə konfrans və seminarların təşkili nəzərdə tutulur. Həmçinin, turizm sahəsində innovativ tədris metodlarının tətbiqi istiqamətində əməkdaşlığın gücləndirilməsi planlaşdırılır.

Rektor İlham Mədətov əməkdaşlığın hər iki universitet üçün yeni imkanlar yaradacağını vurğulayaraq, beynəlxalq tərəfdaşlıqların təhsil sisteminin inkişafında mühüm rol oynadığını bildirib. Fərqanə Dövlət Universitetinin nümayəndələri də birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.