Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Qazaxıstanın Yessenov Universiteti arasında beynəlxalq əməkdaşlıq çərçivəsində rəsmi görüş keçirilib. Görüşdə hər iki universitetin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
ATMU-nu tədbirdə rektor İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa təmsil ediblər. Yessenov Universitetinin nümayəndələri sırasında birinci vitse-prezident Makulov Kaiyrbek Kaldanbekoviç, Beynəlxalq əlaqələr və turizm kafedrasının müdiri Janqozhayeva Elvira Temirxanovna və Azərbaycan Mərkəzinin direktoru Orucov İlkin yer alıblar.
Görüş zamanı iki universitet arasında akademik və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri və innovativ proqramların həyata keçirilməsi perspektivləri müzakirə edilib. Təhsil və turizm sahəsində qabaqcıl təcrübə mübadiləsi, müştərək konfrans və seminarların təşkili, habelə sənaye ilə əməkdaşlıq məsələləri də gündəmdə olub.
Tədbirin sonunda ATMU və Yessenov Universiteti arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə iki ali təhsil müəssisəsi arasında strateji tərəfdaşlığın gücləndirilməsi və tədris proseslərinin beynəlmiləlləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.
Azərbaycanca