Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı və Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) koordinatoru Aytac Babayevanın Avstriyaya səfəri davam edir. Araz Aslanlı və Aytac Babayeva Avstriyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan IMC Krems Tətbiqi Elmlər Universitetində (IMC Krems TEU) təşkil edilən beynəlxalq həftə çərçivəsində müxtəlif tədbirlərdə iştirak edir, Avropanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirirlər.
ATMU əməkdaşları IMC Krems TEU-nin prezidenti Henz Boyer, hazırkı direktoru Udo Brandle, Transmilli Proqramlar üzrə rəhbər şəxslər və AATP-nin Avstriya tərəfindən olan koordinatorları ilə müzakirələr aparıblar. Əsas diqqət “Azərbaycan-Avstriya Turizm Proqramı”nın mövcud vəziyyətinə, inkişaf istiqamətlərinə və gələcək perspektivlərinə yönəldilib.
Tərəflər arasında, eyni zamanda təhsil proqramlarının daha da təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tələbələr üçün yeni imkanların yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AATP Azərbaycanda ilk ikili diplom proqramı, eləcə də turizm sahəsi üzrə ilk və yeganə beynəlxalq təhsil proqramıdır. ATMU ilə IMC Krems TEU arasında 18 illik uğurlu əməkdaşlıq çərçivəsində 300-dən çox məzun yetişdirilib. Bu proqram tələbələrə beynəlxalq səviyyəli təhsil almaq və gələcəkdə turizm sektorunda peşəkar karyera qurmaq imkanı yaradır, onların beynəlxalq miqyasda rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına dəstək olur.
Azərbaycanca