Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bələdiyyələrin maliyyə-iqtisadi əsasları, onların iqtisadi fəaliyyətlərinin tənzimlənməsi və yerli büdcənin idarə olunması ilə bağlı müzakirə-dərs saatı təşkil olunub. Müzakirənin mövzusu bələdiyyələrin öz ərazilərində fəaliyyət göstərən iqtisadi subyektlərdən və vətəndaşlardan müxtəlif vergilər toplayaraq yerli büdcəni formalaşdırması, bu vergi yığımının əsas məqsədi, yerli xidmətlərin və infrastruktur layihələrinin maliyyələşdirilməsi və digər məsələlər olub.
Yerli iqtisadiyyatı inkişaf etdirən və sosial layihələri həyata keçirən, yerli idarəetmənin dayanıqlı inkişafını təmin edən bələdiyyələrin fəaliyyətinə həsr olunan müzakirə-dərs Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin rəhbəri Adil Əhmədov və ATMU-nun Menecment kafedrasının dosenti Arzu Hüseyn tərəfindən keçirilib.
Universitet-sənaye əməkdaşlığı çərçivəsində təşkil olunan dərsdə ATMU-nun Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan IV kurs tələbələri iştirak ediblər.
Azərbaycanca