“Maarifçi” tələbə-məzun təcrübə proqramı tələbələrə təqdim olunub
17.04.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 451
“Maarifçi” tələbə-məzun təcrübə proqramı tələbələrə təqdim olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ARETN) “Maarifçi” tələbə-məzun təcrübə proqramı tələbələrə təqdim olunub. Universitetin Karyera və kommunikasiya şöbəsi tərəfindən keçirilən təlimdə ATMU-nun IV kurs və magistr tələbələri iştirak ediblər. Şöbənin əməkdaşları tərəfindən təşkil olunan təqdimatda təcrübə proqramının məqsədi və üstünlükləri diqqətə çatdırılıb.

Qeyd edək ki, “Maarifçi” təcrübə proqramı tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitinə tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaq məqsədi daşıyır. Bu proqramda iştirak üçün elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bu sahənin inkişafına töhfə vermək istəyən, ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər. 4 ay müddətində həyata keçiriləcək proqramda iştirakçılar Elm və Təhsil Nazirliyi, nazirliyin tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Proqramı çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihələrdə, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.

Təcrübə proqramını uğurla başa vuran gənclər Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumların struktur bölmələrində işlə təmin olunurlar.