ATMU nümayəndəsi beynəlxalq proqramı uğurla tamamlayıb
23.04.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 339
ATMU nümayəndəsi beynəlxalq proqramı uğurla tamamlayıb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi və Turizm biznesi kafedrasının müəllimi İranə Axundova British Council tərəfindən təşkil olunan "Researcher Connect Online" seminar proqramını uğurla başa çatdırıb.

RCO proqramında ümumilikdə 30 tədqiqatçı iştirak edib və sertifikatlarla təltif olunublar. Sertifikatlar Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və British Council-ın Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva tərəfindən təqdim olunub.

"Researcher Connect Online" proqramı beynəlxalq və multikultural akademik kontekstlərdə elmi kommunikasiya bacarıqlarının inkişafına yönəlib. Proqramın əsas məqsədi ingilis dilində ünsiyyət bacarıqlarına malik olan tədqiqatçıların elmi fəaliyyətində innovativ yanaşma metodlarını tətbiq etməsi, beynəlxalq şəbəkələr üzərindən aktivliyinin artırılması, elmi tədqiqatların maliyyə planlaması və sınaqdan keçirilmiş uğurlu təcrübələrin qrup halında müzakirəsi olub.

Onlayn interaktiv sessiyalar zamanı tədqiqatçılar müxtəlif ali təhsil təcrübəsinə malik beynəlxalq təlimçilərlə görüşlər keçirib, elmi araşdırmaların aparılması, elmi nəticələrin indeksli nəşrlərdə dərc olunması sahəsində təcrübəsi olan mütəxəssislərlə fikir mübadiləsi aparıblar.

ATMU nümayəndəsinin bu kimi beynəlxalq təşəbbüslərdə iştirakı universitetin qlobal elmi mühitdə mövqeyinin gücləndirilməsinə, elmi potensialının inkişafına və beynəlxalq əməkdaşlıqların genişləndirilməsinə əhəmiyyətli töhfə verir.

#research

#collaboration

#internationalisation

#researcherconnect

#highereducation