Magistrlardan uğurlu ilkin müdafiə
05.05.2025
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 456
Magistrlardan uğurlu ilkin müdafiə

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təhsilin keyfiyyətinə, elmi fəaliyyətin stimullaşdırılmasına və fakültələrarası inteqrasiyanın gücləndirilməsinə yönəlik daha bir yeniliyə imza atılıb. Belə ki, Mehmanxana və restoran biznesi kafedrasının “Qida təhlükəsizliyi” və “Hotelçilik” ixtisasları, eyni zamanda “Turizmin biznesinin təşkili” kafedrasının magistrantları ilk dəfə olaraq “Turizm və qonaqpərvərlik” fakültəsinin nəzdində fəaliyyət göstərən metodik şura qarşısında dissertasiya işlərinin ilkin müdafiə mərhələsini uğurla başa çatdırıb.

Bu tədbir universitet tarixində ilk dəfə olaraq bir kafedranın müxtəlif ixtisaslar üzrə magistrantlarının başqa bir fakültənin elmi-metodik şurası qarşısında çıxış etməsi ilə yadda qalıb. Qeyd olunan bu yenilik həm elmi əməkdaşlığın genişlənməsi, həm də elmi tədqiqatlara multidissiplinar yanaşmanın təşviq olunması baxımından önəmli addım hesab edilir. İlkin müdafiə mərhələsi magistrlarin elmi işlərinin cari vəziyyətinin qiymətləndirilməsi, onların qarşılaşdığı metodoloji və praktiki çətinliklərin aşkara çıxarılması, eləcə də bu istiqamətdə onlara vaxtında tövsiyələrin verilməsi üçün effektiv platforma hesab olunur.

Müdafiə zamanı təqdim olunan dissertasiya mövzuları turizm sənayesində qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, mehmanxana və hotel sahələrində xidmət keyfiyyətinin artırılması istiqamətində real problemlərə əsaslanan tədqiqatları əhatə edib. Magistrlar öz tədqiqatlarını elmi əsaslarla təqdim edərək həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını nümayiş etdiriblər. Elmi rəhbərlər və şura üzvləri tərəfindən təqdim olunan rəy və təkliflər isə magistrlarin elmi işlərini daha da inkişaf etdirməsi üçün mühüm istiqamətlər müəyyənləşdirib.

Turizm və qonaqpərvərlik fakültəsinin metodik şurasının üzvləri tərəfindən magistrlarin çıxışları yüksək qiymətləndirilib. Müzakirələr zamanı elmi yanaşmanın aktuallığı, təqdimatın strukturu və mövzuların peşəkar yanaşma ilə işlənməsi xüsusi vurğulanıb. Bu cür birgə müdafiələr elmi mühitdə akademik sinerjinin yaranmasına, fakültələr arasında daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradır.

Qeyd olunmalıdır ki, ilkin müdafiənin keçirilməsi yalnız magistrların dissertasiya işini təqdim etməsi ilə məhdudlaşmır. Bu mərhələ, eyni zamanda onların elmi çıxış etmə bacarıqlarının, ictimai nitq və təqdimat mədəniyyətinin formalaşdırılması baxımından da əhəmiyyət daşıyır. Magistrlar suallara peşəkar şəkildə cavab verərək öz fikirlərini əsaslandırmaq qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbirin sonunda çıxış edən elmi rəhbərlər və şura üzvləri belə tədbirlərin davamlı xarakter almasının vacibliyini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu format gələcəkdə daha geniş miqyasda tətbiq olunmalı, digər fakültə və kafedralar arasında da praktikaya çevrilməlidir. Belə yanaşma yalnız elmi keyfiyyətin artırılmasına deyil, həm də magistrların elmi tədqiqat fəaliyyətinə daha ciddi yanaşmasına təkan verir.

Magistrlar bu təşəbbüsə şərait yaratmış universitetin rektoru İlham Mədətova, Tədris işləri üzrə prorektor, prof. Zaur Bağırova, “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Bahadur Bilalova, “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyevə ,“Turizmin Biznesi” kafedrasının müdiri Hafiz Hüseynova və fakültə elmi metodik şurasının sədri Çingiz Əliyevə, eyni zamanda komissiya üzvlərinin hər birinə təşəkkürlərini bildirirlər.

Bu uğurlu ilkin müdafiə mərhələsi göstərir ki, ATMU-nun magistrlarının elmi potensialı ildən-ilə artır, onların araşdırma istiqamətləri isə müasir dövrün tələblərinə tam cavab verir. Gələcəkdə bu cür təşəbbüslərin genişləndirilməsi və digər struktur bölmələrin də bu prosesə cəlb olunması universitetin strateji inkişaf məqsədlərinə xidmət edir.