Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “Kapital bazarı ilə ilkin tanışlıq”, “Kapital bazarı haqqında baza biliklərin öyrənilməsi” adlı təlim təşkil edilib.
Seminar kapital bazarına dair fundamental biliklər əldə etmək və investisiya imkanlarına daha yaxşı bələd olmaq istəyən gənclər üçün nəzərdə tutulub, tədbirə əsasən universitetin maliyyə ixtisasının tələbələri cəlb olunublar.
Tədbiri açıq elan edən ATMU-nun Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov bildirib ki, seminar tələbələrin bu sahədə bilik və bacarıqlarını artırmaq və gələcək karyeralarını inkişaf etdirmək baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Daha sonra təlimin təşkilatçıları Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının rəhbəri Əli Hüseynli, Bakı Fond Birjasının rəhbəri Rübabə Mustafayeva və CFİ Financial İnvestisiya şirkətinin direktoru Pərvanə Qasımova iştirakçıları həm nəzəri, həm də praktiki baxımdan vacib məlumatlarla tanış ediblər. Təlimçilər kapital bazarının əsas strukturu və iştirakçıları, bazarın iqtisadiyyatda rolu və onun ölkə iqtisadiyyatına təsiri, eyni zamanda qiymətli kağızlar və onların xüsusiyyətləri kimi mövzullarla bağlı bilik və təcrübələrini gənclərlə bölüşüblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası ölkəmizdə kapital bazarı sahəsində fəaliyyət göstərən şirkət və təşkilatların Assosiasiyasıdır. Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və İnvestisiya Şirkətləri bu assosiasiyanın üzvləridir.
Qeyd edək ki, assosiasiyanın əsas fəaliyyət istiqamətlərindən biri də ölkəmizdə qiymətli kağızlar bazarı ilə bağlı vətəndaşlarımızın maliyyə savadlılığının artırılmasıdır.
Azərbaycanca