Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində həyata keçirilən “Sahibkarlıq və Startaplar” fənninin tədrisinə start verilib. Fənnin tədrisi üçün universitetin tərəfdaşı olan IMC Krems Tətbiqi Elmlər Universitetinin professoru Khurram Ajaz Khan ATMU-da tədris prosesinə qatılıb.
Professor Khurram Ajaz Khan sahibkarlıq və innovasiya sahəsində beynəlxalq səviyyəli bilik və təcrübəsini ATMU tələbələri ilə bölüşür. Onun təqdim etdiyi dərslərdə startapların qurulması, yaradıcı düşüncə, risklərin idarə olunması və qlobal biznes trendləri kimi mövzular əhatə olunur. Tədris prosesi interaktiv şəkildə aparılır, real nümunələr və praktiki tapşırıqlarla zənginləşdirilir.
Dərsin daha da praktik yönümlü olması məqsədilə universitet rəhbərliyi tərəfindən tanınmış yerli sahibkar – “Menarki” platformasının təsisçisi Səbinə Nəcəfova da mühazirəyə dəvət olunub. O, şəxsi sahibkarlıq yolunu, qadın sahibkar olaraq keçdiyi mərhələləri və öz biznesini qurarkən qarşılaşdığı çətinlikləri tələbələrlə bölüşüb. Onun motivasiyaedici çıxışı tələbələr tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrlə müşayiət olunub.
#ATMU
#IMCKrems
#Entrepreneurship
#StartupExperience
Azərbaycanca