Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri “Bakı Zooloji Parkı”nda praktiki məşğələdə olublar.
Kafedranın dosenti Çingiz Əliyev Zooloji parkda aparılan yenidənqurma layihəsi ilə tələbələri məlumatlandırıb və tədris olunan mövzulara uyğun olaraq layihələrin idarə olunması prinsipləri, təriflər və anlayışlar, metodlar və struktur modellər, innovasiya və kreativ texnologiyalar, Layihələrin idarə edilməsi üzrə ISO-21500 standartlarını ətraflı əsaslandırıb. Gənc turizmçilər qida məhsullarının saxlanıldığı anbarda olan avadanlıqlar, texniki vasitələr və mexanizmlərlə, onların iş prinsipləri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Həmçinin praktikada mövcud olan vəhşi heyvanlara verilən qida rasionu, yeni layihələrə uyğun olaraq heyvanların və quşların saxlanıldıqları yaşayış yerləri tələbələrin maraq dairəsində olub.
Səfər zamanı Zooloji parkın mütəxəssisləri parkda yaradılmış yenidənqurma layihələrinə və layihələrin idarə edilməsinə dair məlumatları tələbələrlə bölüşüblər. Eyni zamanda parkada klinik laborotoriyada mövcud olan müasir cihazlar, qurğular və avadanlıqlar barədə ətraflı məlumat veriblər.
Praktiki məşğələnin sonunda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Azərbaycanca