Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Ekoturizm” və “Meşələr” mövzusunda tədbir keçirilib. Tədbiri açan “Mühit” Ekoloji Mühafizə İctimai Birlininin sədri Əzizağa Hünbətəliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “COP29 - Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinin mahiyyəti və tədbirlərin əhəmiyyəti haqqında məlumat verib, meşələrin qorunmasının həyati vacibliyindən danışıb. O, ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbirinin dünyada müsbət qarşılandığını və bu sahədə dövlətimizin üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbir iştirakçıları ekoturizmin prinsipləri və inkişafından bəhs edib, bu sahənin dünya turizm sənayesinin ən sürətli inkişaf edən sahələrindən biri olduğunu, ölkəmizin Ümumdünya Turizm Təşkilatı tərəfindən ən perspektivli region kimi qeydə alındığını vurğulayıblar.
ATMU-nun “Turizm Biznesi” kafedrasının müdiri Hafiz Hüseynov təəssüf hissi ilə qeyd edib ki, bəzi turistlər təbiətlə təmasda olduqda ekoloji öhdəliklərini unudaraq ətraf mühiti çirkləndirirlər. Meşəlik ərazilərə atılan plastik tullantılar meşənin flora və faunasına mənfi təsir göstərə bilər ki, bu da arzuolunmaz nəticələrə səbəb olur.
Layihənin eksperti, ATMU-nun baş hüquqşünası Aydın Kərimov COP29 tədbirlərinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, meşələrin qəsdən yandırılması, qanunsuz ağac kəsilməsi, istehsalat və məişət tullantılarının meşə ərazilərinə atılması halları zamanı Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini izah edib.
Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran mövzulara münasibət bildirilib.
Azərbaycanca