6-cı Beynəlxalq səyahət və turizm dinamikası konfransı keçirilib
17.05.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 273
6-cı Beynəlxalq səyahət və turizm dinamikası konfransı keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti ,Qarabağ Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müvafiq fakültələrinin birgə təşkilatçılığı ilə “Mədəni irs” mövzusunda keçirilən VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov konfransın mövzusunun Qarabağ regionu üçün müstəsna önəm daşıdığını və turizm sahəsində yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsinin, eyni zamanda bu istiqamətdə nəticəyönümlü tədqiqatların aparılmasının Universitetin prioritetləri sırasında olduğunu vurğulayıb. Rektor bildirib ki, uzun illər boyu işğal altında qalmış torpaqlarımız azad olunduqdan sonra bərpa edilən hər bir abidə, dirçəldilən hər bir kənd və şəhər həm də mədəni irsimizin yenidən canlanması və dünyaya tanıdılması prosesinin bir hissəsidir.

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Məmmədov çıxışında Azərbaycanın turizm sektorunun davamlı inkişafı və bu sahənin milli iqtisadiyyat üçün strateji əhəmiyyətindən bəhs edib. C.Məmmədov qeyd edib ki, Qarabağ Universitetinin işğaldan azad edilmiş ərazilərin turizm potensialının inkişafı istiqamətdə xüsusi rolu var.

ATMU-nun rektoru İlham Mədətov konfransın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, türk dünyasının misilsiz tarixini və mədəniyyətini yenidən müzakirə etmək, təhlillər aparmaq gələcək üçün çox vacib bir məsələdir.

ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov çıxış nitqində konfransın təqdiqatlarla tanış olmaq baxımından gözəl bir fürsət olduğunu qeyd edib. O bildirib ki, bu konfrans 30 il düşmən tapdağında qalan Qarabağın turizm potensialına, orada turizmin inkişaf etdirilməsinə böyük töhfə verəcək.

Qeyd edək ki, 16-18 may 2025-ci il tarixində hibrid formatda baş tutan konfransda Türk dünyasında mədəni irs və turizm, mədəni irsin qorunması və davamlı turizm, mədəni irsin rəqəmsallaşdırılması və virtual turizm, mədəni irs turizmi və iqtisadi təsirlər, Türk dünyasında ortaq qastronomiya irsi mövzularında elmi məruzələr keçirilir.