ATMU-da Orqan donorluğuna dair maarifləndirici tədbir keçirilib
20.05.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 226
ATMU-da Orqan donorluğuna dair maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) maarifləndirici tədbir keçirilib. Mərkəzin sədri Yeganə Abbasova çıxış edərək, ölümdən sonra donor olmağın yalnız tibbi və hüquqi aspektlərini deyil, həm də mənəvi dəyərini vurğulayıb. Onun sözlərinə görə, əgər şəxsin sağlığında bu barədə rəsmi razılığı yoxdursa, qərar onun yaxınlarının üzərinə düşür: "Bu yükü yaxınlarımızın üzərinə qoymamaq üçün hər birimiz donor olmaq barədə düşünməli və bu addımı sevgi ilə atmalıyıq". Yeganə Abbasova həmçinin müxtəlif ölkələrin koordinasiya mərkəzlərinin fəaliyyətinə də toxunaraq qeyd edib ki, Azərbaycanın bu yolda cəmi iki il yarıma uğur qazanması səhiyyəmiz üçün əlamətdar hadisədir.

Daha sonra Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək, orqan donorluğunun tibbi şərtləri, donor olmaq üçün əsas meyarlar və transplantasiya olunmuş insanların həyatında baş verən müsbət dəyişikliklər barədə ətraflı məlumat verib. O, tədbir zamanı nümayiş etdirilən təqdimat slaydlarında yer alan və xüsusi diqqət çəkən fikri iştirakçılarla bölüşüb: “Bir donor olaraq bütün orqanlarınızı bağışlasanız, 8-10 insanın həyatını xilas edə bilərsiniz.”

Tədbir müzakirə və sual-cavab formatında davam edib. Tələbələr tərəfindən orqan donorluğunun hüquqi, tibbi və etik aspektləri ilə bağlı ünvanlanan suallar ətraflı cavablandırılıb. Daha sonra orqan donorluğuna dəstək olmaq istəyən tələbələr ölümündən sonra donor olmaq haqqında Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş razılıq ərizə formalarını imzalayıblar.

Tədbirin sonunda tələbələrə orqan donorluğu loqolu maykalar və kepkalar təqdim olunub.