Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “28 May-Müstəqillik Günü” ilə bağlı seminar keçirilib. Seminarda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, fəaliyyəti, mövcud olduğu 23 ay müddətində dövlət quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərə nəzər salınıb.
ATMU-nun Heydər Əliyev Lektoriyasının müdiri, professor Məhərrəm Zülfüqarlı qeyd edib ki, AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. O bildirib ki, Azərbaycan 20-ci əsrdə iki dəfə müstəqillik əldə edib və hər ikisi böyük fədakarlıqlar bahasına başa gəlib. Beləliklə, Şərqin ilk demokratik respublikası olan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb.
Professor qeyd edib ki, AXC-nin varisi olan müasir Azərbaycan dövləti müstəqillik yolunda inamla irəliləyir, onun ideallarını və yaratdığı zəngin dövlətçilik ənənələrini uğurla davam etdirir. Cümhuriyyət qurucularının xidmətləri Azərbaycan dövləti və xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilib. 2017-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb, 2018-ci il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. May ayının 28-i Azərbaycanda “Müstəqillik Günü” kimi təsbit olunub. Bu əlamətdar hadisə Azərbaycanda və onun hüdudlarından kənarda hər il böyük qürur hissi ilə və geniş şəkildə qeyd olunur.
M.Zülfüqarlının çıxışından sonra məruzə ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Azərbaycanca