Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri üçün Karyera və kommunikasiya və Beynəlxalq əlaqələr şöbələrinin təşkilatçılığı ilə məlumatlandırıcı sessiya təşkil edilib. Görüşdə “Ritz Carlton Baku” otelininin nümayəndələri iştirak ediblər. Əsas məqsəd əməkdaşı olduqları otel haqqında və hazırda aktiv olan təcrübə proqramları barədə tələbələri məlumatlandırmaq olub. Həmçinin tələbələri işəgötürənlərlə birbaşa əlaqələndirmək, onların karyera imkanlarını dəstəkləmək də görüşün məqsədləri çərçivəsində idi.
Tələbələrin böyük maraqla qarşıladığı görüşdə otelin əməkdaşları tələbələrə “Ritz Carlton Baku”nun yaranma tarixi, müxtəlif departamentləri haqqında ətraflı məlumat verib, həmçinin onların fəaliyyət istiqamətləri haqqında məlumatlandırıblar. Eyni zamanda tələbələri maraqlandıran suallar otel əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.
Daha sonra tələbələrin dil bilikləri nəzərdən keçirilib və görüş tələbələrin müsahibə mərhələsi ilə davam edib.
Görüş çərçivəsində ATMU-nun rektoru İlham Mədətov qonaqları qəbul edib. Rektor universitetin ölkəmizdə turizm sahəsi üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, universitet-sənaye əlaqələrinin möhkəmləndirilməsi və yeni təşəbbüslərə dəstək mühiti baxımından “Ritz Carlton Baku” otelinin nümayəndələri ilə görüş olduqca əhəmiyyətlidir. ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov qeyd edib ki, bu görüş turizmçi tələbələrin maraq və bacarıqlarına uyğun inkişaf etmələrinə təkan vermək, onları peşəkar karyera yolunda dəstəkləmək baxımından çox vacibdir.
Sonda xatirə şəkli çəkilib.
Azərbaycanca