Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura səviyyələrində 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası davam edir. Universitetdə keçirilən “Açıq qapı” günü yay imtahan sessiyasının gedişatı izlənilib. “Açıq qapı” günündə ATMU-nun rektoru İlham Mədətov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə və İmtahan Qərərgahının digər üzvləri iştirak ediblər.
İlk olaraq qonaqlara sessiyanın təşkili və gedişatı barədə məlumat verilib. Daha sonra ATMU-nun rektoru İlham Mədətov tələbələrə semestr imtahanlarında və təhsildə uğurlar arzulayıb. Rektor bildirib ki, sessiyanın gedişatına operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb, gün ərzində “Qaynar xətt” fəaliyyət göstərir. Rektor İmtahan Qərargahına ünvanlanan hər bir şikayətin cavablandırılacağını, qarşıya çıxan nöqsanların vaxtında aradan qaldırılacağını vurğulayıb.
Qeyd edək ki, ATMU bakalavriat və magistratura səviyyələrində 2024/2025-ci tədris ilinin yay imtahan sessiyası iyunun 2-dən başlayıb. Sessiya 5 həftə ərzində davam edəcək.
ATMU-da 3 fakültə üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan ümumi 1617 tələbə yaz imtahan sessiyasında iştirak edir. İmtahanlar yazılı, şifahi, layihə, tədqiqat, elektron test və elektron yazılı formada təşkil olunur. Üzrlü səbəblərdən sessiya imtahanında iştirak edə bilməyən tələbələr isə iyul ayının 10-a kimi imtahan verə biləcəklər.
İmtahanda tələbələrimizə uğurlar arzu edirik!
Azərbaycanca