“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar təşkil edib.
Tədbirdə İctimai Birliyin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Həsənli iştirak ediblər.
Arzu Həsənli seminarda mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, mədəni irsin sosiallaşması – mədəni dəyərlərin, adətlərin və simvolların fərddən cəmiyyətə və nəsildən-nəslə ötürülməsi prosesidir. Bu proses mədəniyyətin qorunması və yaşadılması baxımından, cəmiyyətin davamlılığını təmin edən əsas mexanizmlərdən biridir. A.Həsənli əlavə edib ki, müasir dövrdə texnologiyalar mədəni irsin geniş yayılmasına yeni imkanlar yaratsa da, bəzən sosiallaşmanın zəifləməsinə də səbəb ola bilir. Azərbaycanda mədəni irsin sosiallaşması sahəsində qanunvericilik və dövlət proqramları mövcuddur, YUNESKO ilə əməkdaşlıq isə bu istiqamətdə beynəlxalq səviyyədə əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən layihə rəhbəri Fariz Xəlilli ATMU ilə PICASP layihəsi çərçivəsində uğurlu əməkdaşlığa diqqət yönəldib. “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində bu əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə həyata keçirilə biləcək mümkün tədbirlər barədə fikirlərini bölüşüb. O, bildirib ki, layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraqlı tərəflər cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcək. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsait hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, eləcə də müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcək.
Seminar interaktiv formatda davam etdirilib. Sonda iştirakçılara İctimai Birliyin nəşrləri təqdim olunub.
Azərbaycanca