Şəki şəhərində təşkil olunan 7-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı böyük maraqla qarşılanıb. Konfransda ölkəmizin müxtəlif elm və təhsil müəssisələrindən gəlmiş alimlər, ədəbiyyatçılar və ziyalılar görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı, zəngin irsi və onun Türk dünyasında milli-mənəvi dəyərlərin qorunmasındakı rolu barədə fikirlərini bölüşüblər.
Konfransda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndə heyəti də iştirak edib. Universitetin "Menecment" kafedrasının müdiri, dosent Camal Hacıyev və kafedranın əməkdaşı, eyni zamanda NİKTE kafedrasının müəllimi Rəna Qəşəmli tədbirdə fəal iştirak ediblər. R.Qəşəmli çıxışında elmi-ədəbi əlaqələrin inkişafının aktuallığından bəhs edərək, bu kimi beynəlxalq platformaların gənc alim və tədqiqatçılar üçün böyük fürsətlər yaratdığını diqqətə çatdırıb.
Tədbir çərçivəsində çıxış edənlər Bəxtiyar Vahabzadənin yaradıcılığında vətənpərvərliyi, milli düşüncə tərzi və ana dilinə bağlılığı xüsusi vurğulayıblar. Bildirilib ki, ədibin poeziyasında Azərbaycanın azadlığı, milli birliyi və mədəni kimliyi ön plandadır.
ATMU-nun nümayəndələrinin konfransda iştirakı universitetin elmi-mədəni əlaqələrinin genişləndirilməsi və Türk dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan önəmli addımlardan biri kimi qiymətləndirilir.
Azərbaycanca