ATMU-da “Qərbi Azərbaycanın mədəni irsi” adlı seminar keçirilib
11.07.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 357
ATMU-da “Qərbi Azərbaycanın mədəni irsi” adlı seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Tətbiqi Tədqiqatlar Fondunun “Qərbi Azərbaycana qayıdış haqqı” layihəsi çərçivəsində “Qərbi Azərbaycanın mədəni irsi” mövzusunda seminar keçirilib.

Layihənin rəhbəri, tarixçi-alim İbrahim Əliyev çıxışında mövzunun günümüzün aktual probleminə həsr edildiyini vurğulayıb. Azərbaycanın dövlət suverenliyini bərpa etməsi yolunda böyük regional və ümumdünya miqyaslı problemlərin həllində ölkəmizin özünəməxsus qlobal uğurlarından danışıb. İ.Əliyev daha sonra Cənubi Qafqazda Rusiya imperiyasının reallaşdırdığı siyasətin mahiyyətinə və nəticələrinə diqqət yönəldib, bu siyasətdə erməni amilinin oynadığı rolu bir daha konkret faktlarla isbatlayıb. Qeyd edib ki, ermənilərin regiona məqsədyönlü şəkildə köçürülməsi vaxtından və dövlət quruluşundan asılı olmayaraq aparılıb.

Tarix elmləri doktoru, professor Minaxanım Əsədova öz məruzəsində bildirib ki, ermənilərin türklərə, o cümlədən Azərbaycana, onun maraqlarına, mədəni irsinə qarşı törətdiyi saxtakarlıqlarının və dağıdıcılıq fəaliyyətinin ən intensiv dövrü son yüzilliyə, xüsusilə Sovet dövrünə təsadüf edir: Erməni köçü başlandığı zamandan bir neçə mərhələdən keçib. Azərbaycan torpaqlarına köçürülən bu əhaliyə münbit şərait yaradılıb, onları imperiyanın dayaqları kimi möhkəmləndiriblər. Sovet dövründə erməni köçü daha amansız formada həyata keçirilib.

Seminarda çıxış edən dosent Vüsalə Məmmədzadə məsələnin müxtəlif aspektlərinə diqqət yetirib, mütəxəssis düşüncələrini bölüşüb. Azərbaycanın mədəni irsinə yönəlmiş saxtakarlıqların məqsəd və niyyətlərinə aydınlıq gətirib.

Tədbir iştirakçıların mövzu ilə bağlı müzakirəsi ilə yekunlaşıb.