ATMU Elmi Şurasının növbəti iclası keçirilib
14.07.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 908
ATMU Elmi Şurasının növbəti iclası keçirilib

ATMU Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Elmi Şuranın üzvləri ilə yanaşı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə və DTA-nın digər nümayəndələri iştirak ediblər. İclası universitetin rektoru İlham Mədətov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və gündəlikdə nəzərdə tutulan məsələlər barədə məlumat verib.

İclasa təqdim olunan ilk məsələ 2024/2025-ci tədris ilinin yekunlarına dair hesabat olub. Bu barədə ATMU rektorunun müşaviri Fərid Cabbarlı ətraflı təqdimatla çıxış edib. Həmçinin universitetin müxtəlif fakültə rəhbərlərinin çıxışları dinlənilib. Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov və Sosial menecment fakültəsinin dekan müavini Sabir Quluzadə öz fakültələrinin tədris ili ərzindəki fəaliyyətlərini təqdim ediblər.

Gündəlikdə yer alan növbəti məsələ – yeni təhsil proqramlarının yaradılması ilə bağlı olub. ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı bu mövzuda çıxış edərək, “Yeni təhsil proqramlarının (ixtisaslarının) açılması Qaydaları”nın 3-cü bəndinə əsasən universitetin ixtisaslar təsnifatına “Qastronomiya” adlı yeni ixtisasın əlavə olunması üçün yaradılmış İşçi qrupunun hesabatını təqdim edib. Eyni zamanda, prorektor tədris prosesinin monitorinqinə dair hesabatı da Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda Keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı universitetin strateji fəaliyyət planının icrasına dair yarımillik hesabatı, eləcə də tələbə və əməkdaşlar arasında aparılmış məmnunluq sorğularının nəticələrini təqdim edərək, keyfiyyətin idarə olunmasında görülən işlərə dair ətraflı məlumat verib.

Cari məsələlər çərçivəsində bir sıra mühüm mövzular müzakirə olunub. Buraya çapa tövsiyə olunan elmi və tədris-metodik işlər, ATMU-nun 20 illik yubileyi ilə bağlı həyata keçirilmiş və planlaşdırılan tədbirlər, adlı təqaüdün təsdiqi, yeni strukturun formalaşdırılması ilə bağlı görülmüş işlər və qəbul olunmuş əsasnamələr, eləcə də Avstriyanın IMC Krems Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində tələbələrin proqramlara cəlb edilməsi üçün aparılan hazırlıq işləri daxil olub.

İclasda Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə ATMU-da 2024-2025-ci tədris ilində görülmüş işlər və nəzərdə tutulan fəaliyyətlərlə bağlı fikirlərini bölüşüb, bir sıra tövsiyə və təkliflərlə çıxış edib.

Rektor İlham Mədətov gündəlikdə müzakirə olunan bütün məsələlərlə bağlı konkret tövsiyə və tapşırıqlarını verib.

Sonda hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.