ATMU Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının I sammitində təmsil olunub
16.07.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 1436
ATMU Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının I sammitində təmsil olunub

İyulun 12-də Şahdağ Turizm Mərkəzində Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının I sammiti keçirilib.

Sammitdə Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəsmiləri, həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Açılış mərasimində İttifaqın sədri Rüstəm Nəcəfov, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov və Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə çıxış ediblər.

Sammitin əsas məqsədi İttifaq çərçivəsində türkdilli dövlətlərin xizək kurortları arasında ortaq mədəni, tarixi və coğrafi əlaqələrin paylaşılması, dağ və qış turizminin qarşılıqlı inkişafının stimullaşdırılması, yay və qış mövsümlərində davamlı iqtisadi inkişafın təmin olunması, həmçinin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi və İttifaqa üzv kurortların tanıdılmasına dəstək göstərilməsi olub.

Açılışdan sonra sammit panel müzakirələrlə davam edib. Panel müzakirələrdə turizm təhsili, təlimlərin təşkili və məşğulluq məsələləri diqqət mərkəzində olub. Paneldə Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Turizm biznesi kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Çinarə İmamverdiyeva təmsil edib. Ç.İmamverdiyeva turizm təhsili sahəsindəki mövcud çağırışlara və əmək bazarı tələblərinə uyğun elmi məlumatları paylaşaraq bu istiqamətdə olan mühüm məqamları iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçılara İttifaqa üzvlük sertifikatları təqdim olunub, həmçinin Türkdilli Dövlətlərin Xizəkçi Jurnalistlər Klubunun yaradılmasına dair memorandum imzalanıb.